Antik Yunan və Roma mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhvələr məlumdur. Bəşəriyyətin yaradılışından tutmuş, bir çox qədim adət-ənənəni özündə əks etdirən miflər bir-birindən maraqlı hadisələrlə zəngindir. Bu yaxınlarda öyrəndim ki, sən demə, qədim yunan mifologiyasında arılar Ölülər Dünyası – Yeraltı Aləmlə əlaqələndirilirdi. Belə ki, adətən bal pətəkləri qayaların və mağaraların Yeraltı Dünyaya keçid olan yarıqlarında saxlanılırdı. Buna görə də arılar həmin keçidlərlə Yeraltı Dünyaya gedirlərmiş. Hətta hesab edilirdi ki, ölülərin ruhu arılara keçir və ya arılar hələ doğulmamış insanların ruhlarıdır.
Qədim Yunan allahı, Olimp allahlarının hökmdarı Zevs haqqında mifdə maraqlı məqam nəzərə çarpır. Belə ki, mifə görə, Zevsin atası Xrona məlum olur ki, onun övladlarından biri hakimiyyətini əlindən alacaq. Xron özü də bir vaxtlar atasının hakimiyyətini əlindən aldığı üçün özünü də belə təhlükənin gözlədiyinə inanır. Bu səbəbdən də o, dünyaya gələn oğlan övladlarını udub qarnında saxlayır. Zevs doğulan zaman isə anası Reya onu xilas etməyi bacarır və körpəni bir mağaraya aparıb orada gizlədir. Körpə mağarada olan müqəddəs arılar tərəfindən balla qidalandırılır.
Uzun müddət bu mağarada qalan Zevs böyüdükdən sonra atası Xronun hakimiyyətini devirir və Olimp hökmdarı olur. Daha sonra o, arıları ona etdikləri köməkliyə görə mükafatlandıraraq, açıq-qızılı rəngə boyayır və külək və soyuğa müqavimət göstərmələri üçün onlara güc verir. Hətta arılarla olan bu bağlılığına görə Zevsin ləqəblərindən biri də “arı adam” olub.