Son zamanlarda tez-tez qarşılaşdığım fikirdir: “Əsl bal boğazı yandırmalıdır”. Təəssüf ki, balın xarlanması məsələsi kimi, boğazı yandırmaması məsələsinə də şübhə ilə yanaşılır.
Hər bal növünü fərqləndirən ən vacib xüsusiyyət onun tərkibidir. Daha doğrusu, mənbəyi. Əlbəttə ki, balın hansı çiçəkdən toplanması onun qoxusuna, dadına, rənginə təsir edir. Dadının sərt – acı və ya çox mülayim olmasına da həmçinin.
Burada balın dadına baxan insanların şəxsi ağız dadı və ya həmin andakı vəziyyətini də nəzərə almaq vacibdir. Balı dadan şəxsin daha öncə nə yediyi, siqarət çəkib-çəkmədiyinin belə təsiri olur. Təbii ki, psixoloji məqamı da nəzərdən qaçırmaq olmaz. Eyni balın dadına baxan iki şəxsdən biri balın boğazını yandırmadığını deyirsə, digəri isə bunun əksini iddia edə bilər. Yəni, biz nəyə inanırıqsa, bu, fikirlərimizə belə təsir edir. “Bal boğazımı yandırdı, deməli, təbiidir”, – deyənlər də var, – “Bal boğazımı yandırmadı, deməli, qatqısızdır”, – deyənlər də.
Yuxarıda qeyd etdiyim kimi, balın dadı onun hansı çiçəkdən toplanmasından asılı olaraq dəyişir. Bunun üçün iki fərqli balı müqayisə edək: Şabalıd və May balları.
Məlumdur ki, Şabalıd balı şabalıd çiçəyindən topandığı üçün həm rəngi (tünd qəhvəyi, şabalıd rəngi), həm də dadı tünd (biraz acı) olur. Bu səbəbdən də Şabalıd balından bir qaşıq yeyən kimi boğazda qıcıqlanma, necə deyərlər, yanma hiss olunur. Deməli, tərkibindəki şabalıd onun dadının acı olmasına və bu yolla da boğazı yandırmasına səbəbdir.
May balı isə məlum olduğu kimi, yaz çiçəklərindən toplanır. Dadında mülayimlik hiss olunur. Yəni, May balından bir qaşıq yesəniz, Şabalıd balından fərqli olaraq, boğazınızı yandırmayacaq (buna görə də uşaqlar May balını sevirlər). Lakin bu, həmin balın qatqılı olduğu demək deyildir, əlbəttə.
Beləliklə, balın dadına baxanda onun boğazı yandırmasını gözləməsək yaxşıdır. İlk olaraq onun növü barədə məlumat toplamalıyıq ki, dadı və keyfiyyətinə də düzgün qərar verə bilək. Çünki bal elə bir nemətdir ki, təbii olduğu halda min bir dərdə dərmandır. Təbii deyilsə isə, məsələ çətinləşir…