Müqəddəs Ramazan ayında oruc tutmaq həm də orqanizmin sağlamlığı üçün faydalıdır. Lakin təəssüf ki, əksər insanlar bu müddət ərzində qidalanmanı düzgün şəkildə həyata keçirmədikləri üçün sağlamlıq problemləri ilə qarşılaşırlar. Etiraf edək ki, gün ərində uzun müddət ac qaldıqdan sonra aclığımızı yatızdırmaq üçün orucu açan kimi yeməyə başlayırıq və elə bilirik ki, nə qədər çox yesək, aclıqdan üzülmüş orqanizmimiz bir o qədər güclü olacaq. Lakin çox yeməyə ehtiyac yoxdur. Düzgün qidalanaraq elə normal miqdarda yemək yeməklə də bədənin itirilmiş enerjisini bərpa edə bilərik. Yaxşı bəs Ramazanda günlük qida rasionumuzda zəruri olan qida hansıdır?
Bu sualın cavabı olaraq sizə təbii balı məsləhət görürəm. Onsuz da sağlamlığa min bir faydası olan bal, xüsusilə də Ramazanda orqanizmin gümrah olması üçün əvəzsiz məhsuldur. Bu səbəbdən də həm imsak, həm də iftarda bal yemək orqanizminizi güclü edəcək.
İmsakda bal yeməyin faydaları:
İmsakda mədəni yormayan və toxluq hissini təmin edən qidalara üstünlük vermək lazımdır. Bal orqanizmin dayanıqlılığının təmin edilməsi üçün lazımı maddələri özündə birləşdirir. Bu səbəbdən də imsakda bal yemək mütləqdir. İki çay qaşığı bal gün ərzində orqanizminizi daha dayanıqlı edəcək. Bundan əlavə, imsakda bal yeməyin bilinməyən faydaları çoxdur. Məsələn, imsak saatlarına görə yuxu rejimi pozula bilər. Bal metabolik stressi azaltdığı üçün yuxu rejimini də normaya salır. Hətta siz çayınıza bal qataraq içsəniz, gün boyu susuzluğun qarşısını da almış olarsınız.
İftarda bal yeməyin faydaları:
Oruc tutarkən gün ərzində uzun müddət ac qalırsınız. Bu zaman ərzində mədəniz passivləşir və iftardan sonra yeməkləri həzm etməyə tənbəllik edir. Balın həzm sistemini asanlaşdıran bir qida olduğunu isə bilirik. Odur ki, iftarı açarkən mədənizi rahatlatmaq üçün suya bal qatıb içmək məsləhətlidir. Ümumiyyətlə, iftarda yemək ərzində içki olaraq ballı şərbət içməyiniz daha faydalıdır. Bu yolla siz həm bədəninizin su ehtiyacını ödəmiş olacaqsınız, həm də həzm sistemini rahatlatmaq üçün tədbir görəcəksiniz.
Ramazanda şirniyyata marağın artıdığı da məlumdur. İftardan sonra müxtəlif ləziz şirniyyatlarla süfrəmizi bəzəyirik. Yaxşı olardı ki, şirniyyat bişirərkən şəkər əvəzinə təbii baldan istifadə edəsiniz. Bu zaman şirniyyatlarınız həm sağlam olacaq, həm də daha dadlı. Çayınızı sadə balla da içə bilərsiniz. Nəticədə, gün ərzində itirdiyiniz enerji yenidən bərpa olunacaq.