
Maraqlıdır, görəsən, bal və arıçılıq məhsulları qədim zamanda hansı məqsədlər üçün istifadə edilirmiş? Bu yaxınlarda Qədim Misirlə bağlı maraqlı faktlardan birində “bal”la qarşılaşanda düşündüm ki, bu barədə məlumat toplamağa dəyər. Məlum oldu ki, hələ eramızdan 4000 il əvvəl Misirdə bal məhsulları müxtəlif məqsədlər üçün istifadə edilirmiş. Bunlar arasında çox maraqlı və qəribə faktlar da ortaya çıxdı. Yaxşısı budur, özünüz yaxından tanış olasınız:
1. Müalicə vasitəsi olaraq.
Alimlərin mumyalar üzərində araşdırmalarına görə, qədim misirlilər kifayət qədər yaxşı tibbi anlayışa sahib olublar. Belə ki, Misirdə ən ölümcül xəstəliklərin belə müalicəsi var idi. Bal isə bu istiqamətdə mükəmməl vasitə hesab olunurdu. Yanıq və yaraların müalicəsində bala çox ehtiyac vardı. Antibiotik vasitə olaraq geniş istifadə edilirdi; bal yaradakı suyu çəkərək həmin hissəni qurudurdu və bakteriyaların yaranmasının qarşısını alırdı. Dəridəki artıq yağların da azaldılması üçün baldan istifadə edilirdi. Hətta ölülərin mumyalanmasında arıçılıq məhsulu olan propolisdən istifadə edilirdi.
2. Qida vasitəsi olaraq.
Misirlilərdə belə bir ideologiya formalaşmışdı: nə qədər zənginsəniz, bir o qədər də yaxşı yemək yeyərsiniz…
Həmin dövrdə şəkər olmadığı üçün varlı ailələr baldan, kasıblar isə xurma və meyvə sularından şəkər kimi istifadə edirdilər. Un məmulatlarının hazırlanmasında da baldan geniş istifadə edilirdi. Bal Qədim Misir mətbəxinin önəmli qidasına çevrilmişdi.
3. Bəlkə kosmetik vasitə?
Saç saxlamağı misirlilər gigiyenik hesab etmədikləri üçün saçlarını keçəl qırxırdılar. Lakin havanın temperaturu o qədər yüksək idi ki, gündən qorunmaq üçün də başlarına parik taxırdılar. İsti havada tər qoxusundan xilas olmaq üçünsə onlar başlarına bal mumundan hazırlanmış tac qoyurdular .
4. İnanclarda.
Qədim Misirdə bal o qədər əhəmiyyətli vasitə hesab olunurdu ki, fironlar digər dünyada da istifadə etsin deyə piramidalarda mumyalanmış fironun yanına bal qoyarmışlar.
5. Hətta qullar da.
Ağcaqanadların çox olması səbəbindən fironların yanında hər zaman tamamilə çılpaq və üzərinə bal çəkilmiş qullar saxlanılırmış.
Share this post:
on Facebook
on Google+