Müasir dövrün insanı kifayət qədər inkişaf etmiş düşüncə tərzinə malikdir və biz artıq həyat tərzimiz, sağlamlığımızla daha çox maraqlanmağa başlamışıq. Daha doğrusu, onsuz da ekoloji cəhətdən korlanmış dünyamızda necə sağlam qala bilmək barədə tədbirlər həyata keçirir, bütün bunların zəruri olduğunu anlayırıq artıq.
Bugün valideynlər də övladlarının sağlam həyat tərzi sürməsinə xüsusi diqqət göstərirlər. Təbii müalicə vasitəsi olan balın min bir dərdə dərman olduğu, insan orqanizmi üçün sonsuz sayda faydalara sahib olduğu məlumdur. Eyni zamanda uşaqların şirin qidalara meylli olduğunu da bilirik. Elə bu səbəbdən də əksər valideynlər uşaqların qida rasionunda təbii bala böyük yer verirlər. Sizcə də bu, sevindirici hal deyilmi? Bizcə, elədir. Lakin bir məqamı nəzərdən qaçırdıq, deyəsən. Daha doğrusu, ən vacib məqamı!
Belə ki, balın uşaq orqanizmi üçün faydaları əvəzsizdir. Təbii ki, söhbət keyfiyyətli baldan gedir. Lakin bal nə qədər keyfiyyətli olsa belə, unutmayaq ki, bu effektiv vasitədən, xüsusilə də uşaqlar üçün istifadə zamanı diqqətli olmaq lazımdır. Balın təsir gücü effektivdir, lakin uşaq orqanizmi də bir o qədər həssasdır. Bu zaman belə bir məsələ ortaya çıxır: baldan necə istifadə etməli ki, uşaq orqanizminə ziyan vurmasın, eyni zamanda da bu təbii müalicə vasitəsinin faydalarından yararlanmış olaq? Gəlin aydınlaşdıraq:
İlk olaraq çox vacib bir məsələyə toxunmaq istərdik: uşaqlara bal vermək ziyandırmı və ya hansı yaşdan etibarən uşaqların qida rasionuna balı əlavə etmək olar? Əvəzsiz faydaları haqqında danışmazdan əvvəl valideynlərin nəzərinə çatdıraq ki, həkimlər ən azı 1 yaşdan aşağı uşaqlara bal yedizdirilməsini qəti şəkildə məsləhət görmürlər. Maraqlıdır, niyə?
Bal nektarının tərkibində Klostridium Botulinum (Clostridium Botulinum) adlı bakteriya növünün hərəkətsiz endosporları olur (endospor – bakteriyanın xarici təsirlərdən qorunmaq məqsədilə aldığı halıdır). Həmin endosporları arılar çiçəkdən nektar toplayarkən bilmədən bala əlavə edirlər. Bu bakteriyalar böyüklər üçün təhlükə yaratmır. Lakin uşaq orqanizmi xarici təsirlərə qarşı müdafiəsiz olduğuna görə həmin endosporlar uşağın aşağı həzm sitemində toksik bakteriyaya çevrilərək, uşaq botilizmi xəstəliyinə (təhlükəli zəhərlənmə) səbəb ola bilir. Botulizm isə öz növbəsində, ölümlə nəticələnməyə belə gətirib çıxararır.
Tərkibində bal olan bişmiş qida növlərini də (məsələn, müxtəlif növ şirniyyatlar) körpənizdən uzaq tutun. Çünki bişərkən balın tərkibindəki endosporlorın məhv olması daha da çətinləşir.
İndi isə bu əvəzsiz təbii müalicə vasitəsinin uşaq orqanizmi üçün faydalarından söz açaq:
1. Uşaqların şirin qidalara meylli olduğu açıq-aydındır. Tərkibində müxtəlif növ şəkərlər olan bal həm övladlarınızın ağız zövqünü oxşayacaq, həm də siz onlara sağlamlıqları üçün önəmli olan qida təqdim etmiş olacaqsınız. Bal orqanizm üçün təbii enerji mənbəyi hesab edilir. Bunun səbəbi isə tərkibində olan iki əsas şəkər növündən biri – fruktozadır. Belə ki, fruktoza həzm sistemində uzun müddət qalır və gec əriyir, qan axınına daxil olaraq, orqanizmi uzunmüddətli enerji ilə təmin edir.
2. Tərkibində çoxlu sayda vitaminlər olduğu üçün bal uşaqların immunitetini gücləndirir, infeksiyalara, xəstəliklərə qarşı müqaviməti artırır. Balı süd məhsulları ilə birlikdə uşağa vermək də öz növbəsində, çox faydalıdır. Süd və bal qarışığı öskürək üçün əvəzsiz dərman hesab olunur. Südün yumşaldıcı xassəsi olduğu məlumdur. Biraz bal qatdıqdan sonra dadı həm şirin olur, həm uşaqlarınız südü daha həvəslə içmiş olurlar, həm də balın faydalarından yararlanmış.
3. Yaddaşı gücləndirir. Nəzərə alsaq ki, valideynlər uşaqların dərslərinə kifayət qədər diqqət ayırmamasından, dərslərini öyrənməkdə çətinlik çəkməsindən şikayət edir, əminliklə deyə bilərik ki, qidasında bal üstünlük təşkil edən uşaqlar güclü yaddaşa sahib olur, dərsdə daha yaxşı nəticələr əldə etmiş olurlar.
Bəs uşaqlara balı verərkən onun miqdarı önəmlidirmi? Əlbəttə ki, önəmlidir. Yaxşı olar ki, uşaqlara hər kiloqrama 1 qr miqdarda bal verilsin. Misal üçün, əgər sizin övladınız 30 kq çəkisindədirsə, deməli, gün ərzində 30 qr miqdarında bal yeyə bilər.
Uşaqlar üçün xüsusilə May balının çox faydalı olduğunu deməsək, olmaz. Bilməlisiniz ki, həm mülayim, zərif ətrinə, həm də şirin, xoş dadı olduğuna görə May balı uşaqların sevimli qidasına çevriləcək. Bu bal növü, həmçinin göz xəstəliklərinin müalicəsində, yuxusuzluğun, yorğunluğun aradan qaldrılmasında mükəmməl vasitədir, əsəb sistemini normallaşdırır. Sizcə, övladınız üçün bundan yaxşı həkim varmı? Əlbəttə, yox. Bal uşaqların sevimli dostuna çevrilərək, onların sağlam həyat sürməsində birbaşa köməkçi rolunu oynayır.