Yəqin ki, çoxlarınız südə bal qatıb içməyi sevirsiniz. Dadı, həqiqətən də əla olur. Amma unutmayaq ki, dadı ilə yanaşı, faydaları da əladır. Asanlıqla hazırlayıb içə biləcəyiniz bu qarışımın sonsuz sayda faydaları varmış… Məncə, nəzər salmağınıza dəyər:
1. Soyuqdəyməniz varsa, mütləq ballı süd içməlisiniz.
Min bir dərdin dərmanı olan bal o qədər güclü vasitədir ki, hətta digər qidalarla qarışımı zamanı belə öz təsir gücünü saxlayaraq, mükəmməl nəticələr verir. Qış aylarında havaların soyuq keçməsi səbəbilə ya ətrafınızdakı hər 5 insandan 3-ü qripdir, ya da ki elə siz özünüz. Bütün bunlardan qorunmaq üçün ballı süd əla vasitədir. Belə ki, balı südə qatıb içdiyiniz zaman qrip, soyuqdəymə, boğazağrısı, öskürəyə qarşı zirehlənmiş olacaqsınız. Lakin artıq gecdirsə, yəni, artıq xəstələnmisinizsə, bu sehrli qarışım yenə sizin köməyinizə gələrək, xəstəliyin qarşısını alacaq və siz tezliklə sağalacaqsınız. Bəlğəmgətirici funksiyası isə mükəmməldir.
2. Sümükləriniz daha sağlam olacaq.
Sümüklərin düzgün inkişafı və sağlam, möhkəm olması üçün balla süd qarışımından istifadə etmək məsləhətlidir. Belə ki, bal daşıyıcı funksiyası sayəsində müxtəlif qidalarda olan maddələri bədəndə yaya bilir. Südün isə zəngin kalsium mənbəyi olduğu məlumdur. Beləliklə, bu iki vasitənin qarışımı zamanı sizin sümükləriniz kalsiumla kifayət qədər qidalanacaq və nəticədə, sağlam və gümrah bədənə sahib olacaqsınız. Bunu da qeyd edim ki, ballı süd içmək, həmçinin uşaqların düzgün inkişafı və sağlamlığı üçün mühüm vasitədir.
3. Xərçəng xəstəliyinin qarşısını alır.
Bal ayrılıqda antioksidant özəlliyə sahibdir. Bu mükəmməl qida növünün südlə qarışımı isə xərçəng riskinin azalmasında effektiv təsir göstərir. Lakin bir məsələni nəzərdən qaçırmayaq: təbii bal. Yalnız xalis, heç bir qatqısı olmayan bal bu istiqamətdə effektivdir. Əksinə, keyfiyyətsiz bal isə xərçəng riskini daha da artıra bilər. Bu səbəbdən də bal istifadə edərkən onun keyfiyyətinə əmin olmalısınız.
4. Çox yorulursunuzsa…
Əgər sizin ağır iş rejiminiz varsa və gün sonunda çox yorğun olursunuzsa, yenə və yenə bu əvəzsiz qarışım: bal və süd. Ballı süd bədəndə maddələr mübadiləsini sürətləndirir, müqaviməti gücləndirir, yorğunluğu, yuxusuzluğu aradan qaldırır və əsəb sitemini sakitləşdirir. Axşam işdən sonra bir stəkan südə bal qatıb içmək bütün gün ərzindəki yorğunluğunuzu aradan qaldıracaq və siz daha rahat yata biləcəksiniz. Həmçinin səhərlər də bu qarışımdan içə bilərsiniz. Bu zaman siz günə daha gümrah başlayacaqsınız.
5. Xanımlar üçün əla məsləhət…
Əziz xanımlar, ballı süd uzun müddət aclığı aradan qaldıra bildiyi üçün pəhriz saxlayanlara əla vasitə ola bilər. Əgər sizin artıq çəki ilə heç bir probleminiz yoxdursa, unutmayın ki, bu möcüzəli qarışım həm də dəriniz üçün faydalıdır. Belə ki, balın təmizləyici və antibakterial xüsusiyyətlərinin olduğu məlumdur. Ballı süd içmək sizin dərinizə daxildən fayda göstərərək, sizə daha sağlam və parlaq dəri bəxş edəcək. Xanımlar, həmçinin qırışları aradan qaldırmaq və yaşlanmanı gecikdirmək kimi funksiyasından da istifadə edə bilərsiniz bu qarışımın.
Beləliklə, ballı süd içməyin niyə faydalı olduğunu bildik. Son olaraq isə bir məqamı nəzərdən qaçırmayaq, dostlar: Bal çox isti südə və ya çaya əlavə edilən zaman tərkibindəki vitaminləri itirərək, sadəcə şirin və xoş dad verməsi ilə öz işini tamamlayır. Bu səbəbdən də balı südə əlavə edərkən südün ilıq olmasına mütləq diqqət etməliyik.