Xanımlar, bu gün sizə ev şəraitində çox asanlıqla hazırlanan bir üz maskası təqdim edəcəm. Bizə lazım olan inqridientlər isə bal və limon olacaq. Bəli, bəli, sadəcə bal və limon qarışımı ilə mükəmməl üz dərisi sizi gözləyir. Maskanın hazırlanmasına keçməzdən əvvəl bu iki sevimli inqridient barədə qısa məlumat vermək istərdim.
Məlumdur ki, təbii bal dərini nəmləndirir, ölü hüceyrələrdən təmizləyir, sızanaqları və dəridəki ləkələri, qızartıları, qırışıqları aradan qaldırır, dərinin daha parlaq görünməsini təmin edir. Bal, həmçinin dərini möhkəmləndirir, elastikliyini artırır, yaşlanmağa qoymur, dəriyə sağlam və təravətli görüntü verir. Bu səbəbdən də dərinizin, xüsusilə də qış aylarında bala çox ehtiyacı olduğunu deməsəm, olmaz.
Bəs limon? Görəsən, limonun üz dərisinə faydaları nədir? Limon da öz növbəsində, dəridəki sızanaqları, qara nöqtələri və ləkələri aradan qaldırır, həddindən artıq yağlı dərini normaya salır. Nəzərə alsaq ki, çox yağlı dəri sızanaqların yaranmasına şərait yaradır, deməli, qüsursuz görüntü üçün limon əla seçimdir.
Yaxşı, bəs bu iki mükəmməli – bal və limonu bir arada istifadə etsək necə? Sadəcə bunu deyə bilərəm ki, nəticəsi əla olacaq.
Düşünürəm ki, artıq əvvəldə qeyd etdiyim maskanın hazırlanma qaydasına keçid etmək vaxtıdır:
1. İlk olaraq bir qaba qaynar su əlavə edin və üzünüzü həmin qabın üzərində saxlayın ki, buxar üz məsamələrini açsın.
2. Başqa bir qabda isə bir xörək qaşığı təbii bal ilə (bunun üçün sizə May balını məsləhət görürəm) sıxılmış yarım limonu qarışdırın. Daha sonra hazırladığınız bu sadə qarışımı üzünüzə çəkin (göz nahiyəsi istisna olmaqla) və 15-30 dəqiqə (üz dərinizin həssaslığından asılı olaraq) gözləyin.
3. Sonda ilıq su ilə üzünüzü yuyun. Daha sonra isə üz məsamələrini yığmaq üçün üzünüzə soyuq su vurun və ehmalca dəsmalla qurulayın.
Nəticədən razı qalacağınıza əminəm. Xanımlar, bunu da qeyd edim ki, əgər siz 20-30 yaş aralığındasınızsa, bu maskanı tətbiq etməklə üz dərinizi təravətli, təmiz və nəmlənmiş edəcək, gözəlliyinizə gözəllik qatacaqsınız.
Fevral 22, 2019 @ 8:15 səhər
Hazirda maskadan istifade edrem birinci defedr, insallah dediyiniz kimi musbet netice elde ederem. Cox saqolun meslehetlerinize gore
İyul 22, 2019 @ 11:37 səhər
Rəyiniz üçün təşəkkürlər. Nəticəsini bizimlə paylaşsanız çox sevinərik, həmçinin izləyicilərimiz də sizin fikirlərinizdən faydalanar. 🙂