Hər bir canlının özünəməxsus xüsusiyyətləri var. Arılar da həmçinin. Bu sevimli heyvanları əksəriyyətimiz əvəzsiz məhsul – bal istehsalçısı olaraq tanıyırıq. Lakin arılara aid elə maraqlı xüsusiyyətlər var ki, onları sizin üçün araşdırdım:
1. Arılar çiçəklər, meyvələr və tərəvəzlərin tozlanma prosesində aparıcı funksiyanı yerinə yetirir (tozcuqları bir çiçəkdən digərinə daşıyaraq).
2. Nektar toplanması zamanı arı 50-dən 100-ə qədər çiçəyə qonur.
3. Arılar pətəkdə yaşayırlar. Pətək sakinləri 3 hissəyə bölünür:
- Ana arı. Pətəyin idarəedicisidir. Onun vəzifəsi yumurta qoyaraq, arıların çoxalmasını təmin etməkdir. Ana arı, həmçinin digər arıların hərəkətini yönləndirən xüsusi maddə ifraz edir.
- İşçi arılar. Dişi arılardır. Onların funksiyası yem (nektar) toplamaq, pətəyi qurmaq və müdafiə etmək, qanadlarını çalaraq pətəkdə havanı təmizləmək və havanı dövr etdirməkdir. Pətəkdən çölə çıxaraq uçan arılar həmin işçi arılardır.
- Erkək arılar. Bu arıların vəzifələri cütləşməmiş ana arıları mayalamaqdır. Erkək arılar pətəkdə Aprel-May ayları və yay mövsümündə olurlar. Mövsüm sonunda isə işçi arılar tərəfindən pətəkdən çölə atılaraq ölümə məhkum edilirlər.
4. Əslində, arılar balı qış aylarında qidalanmaq üçün özlərinə istehsal edirlər. Lakin bizim bəxtimiz gətirib ki, onlar özləri üçün qidanı ehtiyac olandan 2-3 dəfə çox istehsal edirlər.
5. Arılar saatda 25 km uçur və qanadlarını saniyədə 200 dəfə çırpırlar (eşitdiyimiz “vıızz” səsi də elə onların qanadlarının səsidir).
6. Arılar xüsusi rəqs vasitəsilə bir-biri ilə əlaqə yaradaraq, aralarında məlumat mübadiləsi edirlər.
7. Arıların qidalanmaq üçün hazırladıqları bal çox uzun müddət qala bilir. Misirdə bir məzardan 2000 yaşı olan qabın içində bal tapan tədqiqatçı bildirib ki, balın dadı hələ də çox gözəl qalmışdı.
8. Bizi sadəcə dişi arılar sancır. Çünki yalnız onların iynələri vardır. Təəssüf ki, bal arıları sancdıqdan sonra özləri də ölürlər.
9. Hər bir pətəyin özünəməxsus qoxusu vardır və arılar da öz evlərini – pətəyi məhz bu yolla ayıra bilirlər.
10. Arılar ən çalışqan heyvanlardır. Bir arı həyatı boyunca təxmini bir çay qaşığının on ikidə biri qədər bal istehsal edə bilir. Yarım kiloqram bal üçün bir qrup bal arısı 2 milyon çiçəyi gəzməlidir.