Bu yaxınlarda arılar haqqında maraqlı bir çeroki (Hinduların Şimali Amerikada yaşayan bir qrupu) əfsanəsi oxudum. Necə və niyə oldu ki, Tanrı arılara insanları sancmaq üçün iynə verdi? Buyurun, həmin əfsanə ilə tanış olun:
Qədim zamanlarda insanlar çox kasıb yaşayırmışlar… Həmin vaxtlar Tanrı tez-tez onların yanına gələr, istəklərini soruşarmış. Bir dəfə Tanrı gələndə insanlar ondan yemək üçün şirin bir dad istəyirlər.
Tanrı onların istəklərini yerinə yetirmək qərarına gəlir və yer üzünə arıları göndərir. Lakin maraqlısı budur ki, O, arıları iynəsiz yaradır. Yerə enən arılar ilk olaraq özlərinə bir ağac tapırlar. Daha sonra həmin ağacda yuva-pətək qurmağa, bal istehsal etməyə, çoxlamağa və yeni arıları yedizdirməyə başlayırlar.
Tezliklə insanlar arıların yanına gəlir və onlara yemək üçün bal vermələrini xahiş edirlər. Arılar bunu çox xoş qarşılayaraq, insanların hər birinə bir qab bal verirlər. Balı çox bəyənən insanlar daha çox bal almaq üçün yenidən arıların yanına gəlirlər. Lakin arıların cavabı belə olur: “Biz hələ ki sizə bundan artıq bal verə bilmirik. Bir az gözləyin”.
Bundan məyus olan insanlar Tanrıya müraciət edirlər. Tanrı yerə Çiçək İnsanları göndərir. Çiçək İnsanlar yer üzünün müxtəlif yerlərinə rəngbərəng, fərqli növdə yabanı çiçəklər yayırlar. Daha sonra Tanrı o çiçəklərin tozlanıb daha da çoxalması üçün daha çox arı yaradır. Nəticədə, arıların pətəyi böyüməyə başlayır və bunu görən insanlar daha çox bal almaq üçün yenidən onların yanına gedirlər. Arılar, demək olar ki, pətəkdəki balın hamısını insanlara verirlər. Gənc arıları yedizdirmək üçünsə baldan bir az da özlərinə saxlayırlar. Amma bu, insanları qane etmir. Arılar isə daha çox bal üçün bir az gözləməli olduqlarını bildirirdilər onlara. Bundan qəzəblənən insanlar Çiçək İnsanalara müraciət edirlər ki, çoxlu çiçək yaratsınlar. Çiçək İnsanlar da cavabında bütün çiçəklərin tozlandığını və daha çox çiçək üçün yazı gözləməli olduqlarını bildirirlər.
İnsanların qəzəbi və bal istəkləri isə keçmək bilmir. Onlar pətəkləri dağıdıb, arıların əksəriyyətini öldürüb, pətəkdəki baldan götürürlər. Sağ qalan arılar isə bundan çox qəzəblənərək, Tanrıya müraciət edirlər. Tanrı özü də bu vəziyyətdən narahatlığını bildirir. Tanrı Çiçək İnsanlardan tikanlı kollar yaratmasını istəyir. Arılar da həmin kollardan yeyən kimi onlarda iynələr yaranır. Daha sonra Çiçək İnsanlar arıların pətəyi olduğu ağacın ətrafında da həmin tikanlı kollardan yaradırlar. Növbəti gün yenə bal aparmağa gələn insanlar pətəyə yaxınlaşanda tikanlar onların bədənini cızır. Onlar arılara qəzəblə bildirirlər ki, əgər bal verməsələr, onların sağ qalan arılarını da öldürəcək, yuvalarını dağıdacaqlar. Artıq buna dözə bilməyən arılar insaları öz iynələri ilə sancmağa başlayırlar. Qorxuya düşən insanlar, nəhayət, səhvlərini anlayırlar və söz verirlər ki, artıq arılara, çiçəklərə hörmətlə yanaşacaq və onlardan aldıqlarının əvəzini də ödəyəcəklər.