Arıların bal istehsal etməkdən sonra ikinci ən mühüm funksiyası çiçəklərin tozlandırılmasıdır. Onların bu istiqamətdə faydasından danışmazdan əvvəl qeyd edim ki, tozlanmanın 2 növü vardır:
1. Öz-özünə tozlanma.
Eyni çiçəkdəki tozcuğun həmin çiçəkdəki dişiciyin ağızcığına düşməsilə baş verir.
2.Çarpaz tozlanma.
Bu növ tozlanma küləklə, həşəratlar, quşlar, heyvanlar vasitəsilə və süni yolla (insanlar tərəfindən) baş verir.
Beləliklə, arılar bitkilərin çarpaz tozlandırılmasında mühüm funksiyaya malik canlılardır.
Tozlanmada bitkilər bir-biri ilə rəqabətdə olurlar. Hər bitki çalışır ki, tozcuqları daha çox yayılsın. Çoxalmaq üçün bu, yeganə yoldur çünki. Bu səbəbdən də çiçəklər öz qoxuları və rəngləri ilə arılara siqnallar ötürürlər.
Arılar rənglərin sezilməsində insanlarla müqayisədə daha operativdirlər. Amma təbii ki, onların sevdikləri və ya ümumiyyətlə, sezə bilmədikləri rənglər var. “Arılar və rənglər” (burada arıların rənglərlə bağlı əlaqələrinə dair daha geniş məlumat əldə edə bilərsiniz) yazısında da qeyd etdiyim kimi, arılar dünyanı ultrabənövşəyi görürlər. Beləliklə, onlar çiçəklər tərəfindən gələn ultrabənövşəyi şüa siqnallarını hiss edərək, həmin çiçəklərə qonurlar. Onu da qeyd edim ki, arılar daha çox sarı, narıncı, mavi, yaşıl rəngli çiçəkləri sevirlər. Maraqlısı budur ki, onlar yalnız 5 km/saat sürətlə uçuş zamanı rəngləri seçə bilirlər.
Bəs tozlanma necə baş verir və arılar özləri də bilmədən bitkilərin çoxalmasına necə kömək edirlər?
Belə ki, arı nektar topladığı zaman çiçəyin erkəkciyindəki tozcuqlar onun tüklərinə yapışır. Həmin arı eyni cinsdən olan digər bir çiçəyə qonduqda isə tüklərinə yapışmış tozcuqlar bitkinin stiqmasına və ya dişiciyin ağızcığına ötürülür. Beləliklə, erkək tozcuq dişi yumurta hüceyrəsi ilə birləşir və bitkinin çoxalması təmin edilir. Bunu da əlavə edim ki, həmin tozcuqların müəyyən miqdarı da arı vasitəsilə pətəyə gedir və çox faydalı arıçılıq məhsulu olan çiçək tozunun əmələ gəlməsi üçün şərait yaranır.